Sürətli və Yavaş düşünmə

Kamal İbadlı
22 min readSep 22, 2021

Beynimizin içində 2 fərqli şəxs var.
Biri sürətlə düşünür və qərarları intiusiya ilə, dərin analiz etmədən verir. Qərar verməyə çox da əziyyət sərf eləmir.

Digəri yavaş düşünür, götür qoy edərək qərar verir. Qərar verərkən çox şeyi nəzərə alıb, məsələyə hərtərəfli baxmağa zehni əmək və enerji sərf edir.

Beynimiz birinci şəxsə daha üstünlük verir. Çünki bilirik ki, tənbəllik insanların genetik koduna QIZIL hərflərlə qeyd edilib.

Beyin Effektləri hamsı birinci şəxs tərəfindən idarə olunur.

Endowment Effect - İanə Effekti

Təsəvvür edin bir uşaq digəri ilə mübahisə edir, sonra da dalaşır. Bu zaman hər iki uşağın valideyini gəlir.
- Sənin uşağın mənim uşağımı niyə vurub ?
- Mənim uşağım əcəb eləyib, sənin uşağın mənimkini söyməsəydi oda vurmazdı.
Burada hər iki uşağın valideyini sürətlə düşünür. Bir də belə bir hala baxaq:
- Mənim uşağım sənin uşağını niyə vurub ?
- Sənin uşağın əcəb eləyib, mənim uşağım səninkini söyməsəydi oda vurmazdı.
Bu effektin sayəsində insanlar "Bizimdir, deməli, daha yaxşıdır" deyə düşünür.
Hamımız boynumuza alaq ki, Azərbaycan dili, bayrağı, gerbi dünyadakı ən yaxşı dil, bayraq, gerb və.s DEYİL , İslam , Xristianlıq, Yəhudilik dini və.s dünyadakı ən yaxşı din DEYİL. Ölkə, din bizimkidir deyə digərlərindən daha yaxşı deyil.
Bu effektin nəticəsində sürətlli düşünənlər başqa dinlərə sitayiş edənləri hamsının səhv yolda, özünün düz yolda olduğuna inanır. Həm də heç araşdırmadan.

Təstiq etmə effekti

Deyək ki, dostunuzla mübahisə edirsiz və siz deyirsiz ki, ət sağlamlığa çox xeyirlidir, o isə deyir çox ziyandır. Olmaz ət yemək. Hərə öz mövqeyini sübut etmək üçün güclü arqumentlər gətirmək məcburiyyətində qalır və dostunuz internetdən “Ətin Ziyanları” adlı hansısa məqalı tapıb sizə göstərir ki, “Bax, gördün, sənə deyirdim bayaqdan inanmırdın”. Siz dı onun Google-da nə axtardığına baxırsız və görürsüz ki, axtarış xanasına ət yemək nəyə görə ziyanlıdır yazıb, axtarış edib. Yəni, ətin insan sağlamlığına təsirləri deyil, ətin xeyirləri və ziyanları deyil, ət niyə ziyandır yazıb axtarış edib ki, ətin ziyanlarını dəstəkləyən məqalə tapsın. Əgər mübahisədə siz A tərəfini dəstəkliyirsinizsə, o zaman “Gəl filankəsdən soruşaq” dedikdə, siz həmişə sizin mövqeyinizi dəstəkləyəcəyinizə inandığınız adamın adını çəkəcəksiz. Digər tərəf isə, öz mövqeyini dəstəkləyəcəyinə inandığı adama zəng edib soruşmağı təklif edəcək

Düzgün cavabın tapılması va cib deyil. Əsas (səhv də olsaq) mübahisədə haqlı çıxmaqdır. Bəli, bu effektin sayəsində haqsız yerə öz dediyimizin üstündə qalırıq və özümüzü də dediyimizin tam düzgün olduğuna inandırırıq.

Təstiq etmə Effekti ilə bağlı işin ən pis tərəfi odur ki, bu effekt məntiqli və daha ağıllı adamlarda daha çox olur. Çünki, bu adamlar sıhv etdiyini boynuna alaraq, rahat şəkildə “Hə, mən səhv deyirdim” deməyə daha çox çətinlik çəkir. Və bunu deyərsə onların ağıllı və məntiqli insan kimi qazandıqları reputasiyalarını itirmələri ilə nəticələnəcəyini hiss edirlər.

Sadalanan İanə effekti və Təstiq etmə effektinin ikisini birləşdirdikdə isə, çox maraqlı bir effekt ortaya çıxır. Bunun sayəsində, biz əksər məqamlarda, səhv hərəkət etdikdə və bunun səhv olduğğunu özümüz də bildikdə belə, sırf özümüz etmişik deyə, yəni səhv bizə məxsusdur deyə, özümüzü haqlı çıxarmağa çalışıb, sonra da Təstiq etmə effekti ilə, səhvimizə bəraət qazandıracaq arqumentlər gətirməyə çalışırıq.
Elə buna görə də qatil pis adamı öldürdüyünü, oğru zalım varlılardan oğradığını, rüşvətxor isə maaşının az olduğunu deyir.

Əvəz etmə effekti

Belə bir hal təsəvvür edək:
Bir qrup insanın içindən biri, seçkidə əlini qaldıraraq namizəddən sual soruşur.
- Maaşlar artacaq ?
- Narahat olmayın, çalışacayıq hər şeyin yaxşısı olsun.
Bu cavab əslində maaşların çox güman ki, artmayacağına göstərişdir. Ancaq bu zaman namizəd sürətli düşünərək, Bəli və Xeyr cavabını əvəz edir. Əvəz etmə effekti - çətin suallara cavab verməkdənsə daha sadə və rahat suala cavab vermək və ya cavabı əvəz etməkdir.

Zehni rahatlıq effekti

Yuxarıdakı misalı yada salın. Burada sual verən şəxs aldığı cavabı əslində:
- Maaşlar artacaq. (Deyə düşünür)
Zehni rahatlıq - asan və rahat görsənən şeylərə daha çox və tez inanmağımıza gətirib çıxaran effektir. Qısası: ASAN=DÜZGÜN
Əvəz etmə effekti və Zehni rahatlıq effektindən bir çox tanıdığımız markalar, öndə gedən şirkətlər istifadə edərək insanları "Brainwash" edirlər.
Hansı məhsulu çox görsən onu alacaqsan. Musiqi də belədir.

"Ölmüş dəyər zənciri"

Tanıdığım biri mənimlə söhbət edəndə dedi ki, beş ulduzlu otelə filan qədər pul xərcləmişik deyə, otelin hər amma hər şeyindən istifadə etmişik. O vaxt bu mənə gülməli gəlirdi. Sonra bunun arxasındakı səbəbi tapdım. Bəzən bizə gülməli görsənən şeylərin arxasındakı səbəbə baxsaq, yaxşı olar ))
20 manat pul verib, partlayana qədər yeyib, sonrada yemək qalanda, ürəyində "pul vermişəm buna" deyib yeməyə davam edənlər burdasız ? Ya filmə filan qədər pul ödəyib deyə, maraqsız kinoya axıra qədər baxanlar, siz də burdasız ?
Birdən nə vaxtsa lazım olar deyə, heç vaxt heç kimə lazım olmayacaq əşyasını tullamayan o qədər adam tanıyıram.
Bu effektin ziyanları o qədərdir ki, saymaqla bitməz.
Bir nəfər istədiyi ixtisasa daxil oldu, birinci kursun ortasında istədiyi ixtisası artıq sevmədi, bu ixtisasın onun üçün olmadığını anladı. Ancaq başqaları nə deyər deyə düşündü və "Dördüncü kursdan hər şeyi dəyişəcəm" dedi. Bu adam sadəcə imtahan üçün oxudu. Hətta ən yaxın dostu ona heç bir ali təhsil tələb etməyən və həmin uşağın marağlandığı mövzuda ona yüksək maaşı olan iş tapdı, ancaq həmin uşaq yenə başqaları " 3-5 manata görə heç bir ali təhsil tələb eləməyən işə keçdi, o qədər oxuyub" deyəcək deyə işi istəmədi. Həmin uşaq hal-hazırda ixtisası ilə bağlı istəmədiyi işdə işliyir. Sevmədiyi karyeranı buraxmır. VƏ çox güman ki, ömrünün axırına qədər də buraxmayacaq.
İkinci çox bir pis hadisə, bir qadının çox sevdiyi kişi ilə evlənməsi ilə başlayır.
Ailə ilk bir neçə ay çox xoşbəxt yaşadı.
Ancaq kişi bir neçə aydan sonra qadından soyumağa başladı və ona başqası ilə xəyanət elədi. Bunu qadın bildi, hər şeyi içində çəkdi. Artıq bir il idi ki, kişi pis vərdişlərə yiyələnmişdi. Bir neçə aydan sonra isə qadınla dalaşdı və ona şiddət göstərdi. Qadın, bir qızı olduğundan və başqaları pis düşünər deyə boşanmadı. İllər keçdikcə kişi qadına daha da çox pis davranırdı. Qadın buna yalnız 12 il dözə bildi. Hər şey dözülməz dərəcəyə çatanda boşandı. Qadın " Ağlım olsa idi, vaxtında boşanardım, 12 ilim hədər getdi" deyə düşündü...
Bu atalar sözünü unutmayın:
"Ziyanın yarısından qayıtmaq xeyirdir."
Bu effektin artıq fərqinə vardıq. Əsas da bu idi. Artıq ondan "Yaxşı Yolda" istifadə etmək olar.
Bu effektin fərqində olanlar idman etməyə tənbəllik edirlərsə, pul ödəyib idmana yazılırlar.
Ümumiyyətlə heyfi gəlmək və peşman olmaq kainatda ən təhlükəli hisslərdir.
Bu arada yuxarıdakı effektləri də, analiz edib, onları da bizə xeyir verəcək tərəfə yönəltmək lazımdır.

"Mümkünlük kaskadı"

Batil inanclara, bürclərə inananlar necəsiz, həyat necə gedir ?
Gəlin maraqlı hekayə ilə batil inanclara necə inandığımızı türklər demişkən, "anlatıyım". Bir gün bir nəfər hər gün etdiyi kimi, yenə də, maşını ilə işə gedir. Hər gün eyni yolla gedir və qayıdır. Ancaq bir gün maşın sürərkən qarşısına qara pişik çıxır. Bir müddət sonra maşın qəzaya uğrayır. Bunun səbəbini axtaranda qara pişik yadına düşür. Maşını təmir etdikdən sonra adam eyni yolla işə gedəndə, yenə həmin qara pişiyi görür və ürəyində "bu heç də yaxşı əlamət deyil, mən ən yaxşısı evə qayıdım və bu gün heç nə etməyim" deyir. İndi özümüzə sual verək ? "Həqiqətən də qara pişiyin maşın qəzasında bir rolu olub ya yox ?"
Bu effektə məlumatın şişirdilməsi və yayılmasıda aiddir. Statistikaya əsasən insanlar təyyarəyə minməkdən və köpək balığından daha çox qorxurlar, nəinki maşın və ağcaqanadlardan.
Amma reallıqda təyyarə qəzasının baş vermə ehtimalı hal hazırda 1000000/1-dir. Maşın qəzası isə 5000/1. Hər il onminlərlə insan ağcaqanadlar tərəfindən ötürülən parazitlər səbəbindən vəfat edir. Köpək balığı səbəbindən isə ildə yalnız 2-3 nəfər paramparça olur.
QISASI 2:
BATİL İNANC≠SÜRƏTLİ DÜŞÜNMƏ

İtkidən daha çox qorxma effekti

Bu və növbəti effekt birbaşa marketinq ilə bağlıdır.
Gözünüzün qabağına belə bir oyun gətirin. Oyunun qaydasına görə qazanacağınızla itirəcəyiniz eynidir. Siz belə bir oyunu oynayardız ?
Əgər bizim belə bir oyunda qazanacağımızla itirəcəyimiz eynidirsə, biz oyunu oynamırıq. Biz, əlimizdə olanları itirməkdən dəfələrlə daha çox qorxuruq, nəinki əlimizdən olandan artığını qazanmaqdan.
Buna görə satış edərkən, insana qazanacağı yox, itirəcəyi şeyləri de.
Marketing people, Marketing...
Buna bir misal da:
Bir mağazaya gedirsən və yeni bir ayaqqabı bəyənirsən. Ancaq ayaqqabının həddindən artıq baha olduğunu, bu ayaqqabının filan qiymətə olmasının daha düzgün olduğunu deyirsən. Satıcı da deyir ki " Valla qağaş və ya bajı, bunun mayası heç o qədər eləmir". Mağazanı tərk edərkən, bayaq "bunun mayası heç o qədər eləmir" deyən satıcı sən dediyin qiymətə razılaşır və müştəri itirməkdən qorxub, səni geri çağırır.

Lövbər salma effekti

Bu effekti anlamaq üçün iki araşdırma aparmalı olacıyıq.
Təsəvvür edək ki, iki yanaşı geyim mağazası yeni sezon paltarları satmağa başlayıb. Birinin elan löhvəsində "Yeni sezon 30 manat", digərinin elan löhvəsində "Yeni sezon 100 deyil 30 manat !!! 70 FAİZ ENDİRİM !!!" yazılıb. İndi fikirləşək, bu iki mağazanın qabağından keçsə idik, hansı bizi daha cəlb edərdi ? Bu biznes sahəsində “Anchoring” adlandırılır.
İkinci araşdırma isə belə olsun:
İndi də təsəvvür edək ki, iki qadını bir-birindən xəbərsiz Dior və Qadın geyimləri mağazasına yollayırıq. Hər iki mağazada təmamilə eyni ətəkdən var.
Dior mağazasına gedən qadın içəri girən kimi o ətəyi görür. Üzərində qiymət yazılmayıb. Mağazanı gəzir və qiymətləri öyrənir. Qadın geyimləri mağazasına girən qadın da ətəyi görür. O ətəyin üzərində də qiymət yoxdur. Öyrənmək istəsə də, onun artıq filankəs tərəfindən rezerv olunduğunu deyirlər. Eyni ilə, bu, Dior mağazasına girən qadının başına da gəlir. Qadın Geyimləri mağazasında olan qadın da qiymətləri öyrənir.
Əlbətdə ki, bu qadınlar araşdırmadan xəbərsizdirlər. Mağaza gəzintisi bitdikdən sonra, biz o qadınları mərkəzə çağırırıq. Həmin ətəyi göstərib, onun qiymətinin (dəyərinin) təxminən nə qədər olduğunu soruşuruq. Dior mağazasına girən qadın 2000-3000$ arası qiymət, Qadın geyimləri dükanına girən qadın isə 50-100$ arası bir qiymət deyir.VƏ hər iki qadın, mat-mat bir-birinə baxır...
Qısası 3: ÇOX SATILAN=ÇOX BAHALI

Çərçiləmə Effekti

Kral nə vaxt öləcək ???
Bu effekt sözləri müəyyən bir çərçivəyə qoymaqla əlaqədardır. Anlamağımız üçün yenə məhşur bir hekayə oxumalıyıq:
Bir gün şah nə vaxt öləcəyini öyrənmək üçün şəhərdəki bütün məhşur falçıları toplamaq əmri verir. Falçılar bir-bir onun sarayına gətirilir. Falçılardan yaşamaq üçün nə qədər müddəti olduğunu soruşduqda:
-Siz 20 ildən sonra öləcəksiz.
Dedilər. Sürətli düşündüklərindən başları kəsilməli oldu.
Ancaq yalnız bir falçı:
"Siz hələ 20 ildə yaşayacaqsız!" Dedi
Şah isə bu yavaş düşünə bilən falçını mükafatlandırdı. Ahh yoruldum...
Gedək kofemizi içək və oxumağa davam...

Bonus bölüm

Sürətli və Yavaş düşünməkdən başqa içimizdə Tənbəl və İşgüzar adam var.
Heç olubmu ki, telefonda, notbukda 2–3 saat gic-gic veyillənəsiz və sonra da birdən sizə “Vəh” gələ ?
Deyəsiz ki, nə eliyirəm mən, belə olmalı deyiləm, işimi-gücümü atıb burda boş-boş şeylərlə məşğulam. Ayıb olsun mənə. Dəyişməliyəm !
Sabahdan başlıyacam idmana, hər gün səhər qaçacam, artıq sağlam qidalanacam və.s
Həqiqətən də, sabah tezdən başlıyırsız idmana, burqer yerinə sağlamlığınız üçün daha xeyirli qidalardan istifadə edirsiz və hər səhər qaçırsız.
Bir həftə sonra tərəziyə çıxıb görürsünüz ki, 1 kq arıqlamısız.
Bu da sizə əlavə motivasiya mənbəyi olur və daha çox idmanla məşğul olursuz. Bir həftə keçəndən sonra Tərəziyə çıxanda görürsüz 0.5 kq arıqlamısız. Bir az heyfslənsəz də sağlam həyata davam edirsiz. Bir ay tamam olduqda, tərəziyə çıxıb çəki itirmədiyinizi görür, tamam həvəsdən düşürsüz və yenidən əvvəlki həyata qayıdırsız. Artıq o gecə bir əlinizdə kola, bir əlinizdə popkorn divanda oturub gic-gic seriallara baxacaqsız. (*Bu hal yalnız sizin deyil, hər kəsin həyatında baş verib).
Bizi yenidən bu vəziyyətə qaytaran içimizdəki təmbəl adam “Əşi, nə mənası var özümə bu qədər əziyyət verim” deyən, işgüzar adam isə bizə artıq DƏYİŞMƏLi olduğumuzu deyəndir.
İşgüzar adam Disiplinli olmağımızı, özünə güzəştə gedən biri olmamağımızı,
nəticə qazanmaq istəyən biri olmağımızı və.s istəyir.
Təmbəl adamın isə heç nəyə həvəsi yoxdur, yeməyinə fikir vermir, vaxt öldürməyi sevir və özündən daha pis adamla təsəlli tapır.
Bəs, bu iki, bizi təşkil edən adam nə üçün var ?
Əslinə baxsaq hər ikisi bizim yaxşılığımızı istəyir. Hər ikisinin işləmə prinsipi orqanizmi qoruma mexanizminə əsaslanır.
Rahat (Tənbəl) adamdan qurtulmaq üçün ən qısa vaxtda, ən maksimum dərəcədə onun istədiklərini etmək lazımdır. Bununla digər adama xəbər çatır ki, bədən və həyat təhlükədədir.
İşgüzar adamın qalmasını istəyiriksə, biz şüurlu şəkildə onun, hər şeyin ağını çıxartmağına şərait yaratmamalıyıq. Bunun üçün isə effektiv istirahət lazımdır.

Subyektivliyi görməzdən gəlmə
Biz valideynlərin, uşaqları üçün öncədən sənət seçmək cəhdlərinin çox şahidi olmuşuq.
Deyək ki, Turalın atası zərgərdir. Bu işi də vaxtı ilə babası atasına öyrədib və illərdir zərgərliklə qazandığı pul hesabına ailəni saxlayır. Bir gün gəlir, Turalın 15 yaşı tamam olur və atası ona deyir ki “Oğlum, artıq 15 yaşın var, uşaqlıq qaldı geridə, indi yavaş-yavaş başlamalısan bizim bu ailə sənətini öyrənməyə ki, 2–3 ildən sonra sənin də, öz müştərilərin olsun, öz başınla yavaş-yavaş başlayasan qazanmağa. Turalın isə memarlığa çox marağı var və istəyir ki, son iki ilini var gücü ilə universitetə hazırlaşsın, memarlıq sahəsində çox yaxşı bir universitetə qəbul olub oxusun
Atasına deyir ki, “Ata, mən istəmirəm zərgər olum, mən memar olmaq istəyirəm, həm də məktəbdə son iki ilimdi, universitetə hazırlaşmaq istəyirəm, mənim vaxtım yoxdu başqa nə isə öyrənim”
Atası da Turalın bu sözünə əsəbləşir , “Bura bax ey, məni cin atına mindirmə, cəhənnəm olsun sənin o memarlığın da, dərslərin də. Gül kimi işdi, hansı işlə mənim kimi ayda 5000–6000 pul qazana biləcəksən ?! Hazır sənətdi də əlimizdə, onu qoyub, gedib gic-gic işlələrlə məşğul olacaqsan ? Kəs səsini, nə deyirəmsə onu da elə ! Sabahdan gəlirsən sexə, qurtardı getdi” deyir.
Gəlin vəziyyəti analiz eliyək.
Sizcə burda daha düzgün danışan kimdir ?
Əlbəttə də ki, hər iki tərəf məsələyə düzgün yanaşır.
Turalın memar olmaq istəyi də çox normaldı, atasının ona hazır gəliri olan işə yönləndirməyi də çox normaldır. Turalın atasının iddiası özünə görə çox düzgündür. Həqiqətən düşündükdə, Turalın memarlıqla ayda beş altı min pul qazanmaq ehtimalı xeyli daha azdır. Məntiqlə yanaşdıqda Turalın atası məsələyə çox düzgün yanaşır. Elə sual da burda yaranır:
Doğurdanda, başqası haqqında olan ən düzgün qərar sadəcə məntiqə əsaslanaraq mı verilməlidir ?
Subyektivliyi görməzdən gəlmə effektinə görə, biz bir çox hallarda gələcəklə bağlı qərarlarda nəyin düzgün, nəyin yalnış olmasını yalnız məntiqi analiz nəticəsində veririk. Və özümüzə məntiqlə düzgün görünən seçimi, mütləq düzgün seçim kimi dəyərləndiririk. Əslində isə, düzgün qərar verilməli olan məsələlərdə, tərəflərin psixoloji vəziyyəti də, ən az məntiqlə gəlinən nəticə qədər nəzərə alınmalıdır. Yəni bu misalda, Tural da, atası da bir-birinin psixoloji vəziyyətlərini görməzdən gəlmiş olurlar.
Deyək ki, Tural memar olduqdan sonra, o sənətə sahib olmağa görə, bütün həyatı boyu xoşbəxt olacaq və o işi görmək onun üçün istirahət kimi bir şey olacaq. Çünki zövqə görəcək işini. Bu halda Turalın öz sahəsində irəriləyib, atasının hal hazırda qazandığı pul miqdarından da çox qazanmaq şansı olacaq. Ya da, deyək ki, nə qədər irəriləsə də, qazana biləcəyi maksimum pul ayda 1200 manat olacaq. Bu halda, görəsən Tural atası kimi 5–6000 min qazanmır deyə pis olacaq, yoxsa 1200 manat qazansada zövqlə işlədiyi işdən qazandığı üçün xoşbəxt olacaq ? Turalın indiki subyektiv yanaşması ilə, bəli o 1200 manat qazanıb xoşbəxt olacaq. Atasından az qazanacaq, ancaq ən sevdiyi sənətindən qazanacaq. Ola bilər ki, bu düzgün olsun. Doğurdan da, insanın sevdiyi işdən pul qazanması, hədsiz dərəcədə gözəl bir hissdir.
Və məsələ burasındadır ki, Tural da atasının subyektiv psixoloji vəziyyətini nəzərə almır. Turalın hələ 15–16 yaşı var. Nə ailə saxlayır, nə də atası kimi iki uşağı var. Ailə və uşaqların məsuliyyətinin necə bir şey olduğunu və ümumilikdə, bu məsələlər də işin içinə qatıldıqdan sonra nəyin prioritet olduğunu hələ də bilmir. Atası isə bunları yaşayıb və bilir. Üstəlik, Tural elə bilir ki, memarlıq onun ən çox istədiyi sənətdir. Və memar işləsə xoşbəxt olacaq. Amma nə bilmək olar ki, Tural memarlıq sahəsində təhsilinə başladıqdan sonra, fikri dəyişib düşünməyəcək ki, sən demə bu sənət mənlik deyilmiş, heç xoşlamadım bunu. Təbii ki, bu kimi ehtimallar da var, onun atasının mövqeyi özünə görə düzgündür. Çünki atası da ola bilər ki, bunun kimi şeyləri məntiqlə nəzərə alıb danışır. Bu misalda, əslində bizim cavabını tapmaq istədiyimiz sual, Kim düzgün danışır ? Tural yoxsa Atası ? deyil.
Çünki kənardan müşahidə edən şəxs kimi, bu suala konkret cavab bildirsək, biz özümüzdə subyektivliyi görməzdən gəlmə effektinin qurbanı olmuş olacayıq. Çünki bu sualın cavabını Tural və atası bir-birlərinin düşüncələri, psixoloji vəziyyətlərini biri-birlərinə izah edib, həe şeyi nəzərə alıb ortaq məxrəcə gəlməklə verə bilərlər. Burada diqqət etməli olduğumuz əsil məqam odur ki, həyat, təkcə məntiqlə qərarlar verə biləcək qədər sadə deyil.
Bir çox məsələrdə, təkcə məntiqlə yox, həm də psixoloji vəziyyətləri nəzərə alaraq qərar vermək daha düzgündür.

Nəzəriyyədən Doğan Korluq
Bu beyin effekti ən vacib effektlərdən biri, bəlkə də birincisidir.
Təsəvvür edin Fuad adlı biri, təhsilinə görə Amerikanın San-Fransisko şəhərində yaşamalı olur. O, ilk dəfə idi ki, hansısa ölkəyə qısamüddətli səyahət məqsədi ilə yox, yaşamaq məqsədi ilə getmişdi. Xaricdə yaşayanlar bilirlər ki, turist kimi getməklə hansısa ölkədə yaşamaq arasında nə qədər böyük fərq var və bu halda insan uyğunlaşmaq məcburiyyətində olduğunu bilir, ətrafındakı hadisələri daha çox analiz edir ki, hər şeyi daha yaxşı dərk etsin.
Qısası, onu hava limanında qarşıladılar və əvvəlcədən rezerv edilmiş tələbə yataqxanasına gətirdilər. Yaxınlaşdı resepşna və resepşnın arxasında iki nəfər oturmuşdu. Bu iki nəfərə baxdı və dərhal yataqxananın digər dörd tərəfinə baxdı ki, bəlkə yanılır, resepşn bu deyil başqasıdır. Gördü ki, yox elə bu imiş elə resepşn. İki nəfərdən biri, qulaqlarında barmaq boyda deşiylər olan, hər iki qaşı, burnunun ucu, dodağı və yanağının “piercing” yəni dəmir olan və çox qeyri adi saç stilinə malik bir oğlan idi. Digəri isə, belinə qədər saçı olan və hər iki qolu tatuajla bürünmüş bir oğlan idi. Təbii ki, bu cür stilləri olan adamlar bir çox kimi, onun təsəvvüründə avara və qeyri-ciddi adam kimi idilər. İndi təsəvvür edin bu cür düşüncədə olan biri, resepşnda oturmaq kimi həddən artıq məsuliyyətli, birbaşa müştərilərlə əlaqədə olan adamların belə stildə adamlar olduğunu görür. Həmin vaxt beynində olan çaşqınlığı təsəvvür edə bilmərsiz. Əvvəlcə düşündü ki, “Ayda, mən hara düşmüşəm, deyəsən bura yaxşı yer deyil, avaraların yığışdığı yerdir”. Sonra o iki şəxsin ona necə yaxşı xidmət göstərdiklərini gördükdə ikinci çaşqınlığı yaşadı. İnternet tapan kimi, yaxınları ilə danışmağa başlayanda, birinci haqqında həyəcanla danışdığı mövzu bu idi. Üzərindən vaxt keçdikdə, həmin iki işçiyə öyrəşdi. Bir dəfə də yeməkxanada o iki nəfərdən biri ilə eyni masa arxasında yemək yeməli və uzun dialoqu oldu. Dialoq əsnasında həmin şəxsin əslində nə qədər dünyagörüşlü və savadlı biri olduğunun fərqinə vardı. Təbii ki, üçüncü böyük çaşqınlığı yaşadı. Özü-özünə “Necə ola bilər ki, bu cür avara görünüşündə olan adam, belə ciddi xasiyyətli, savadlı və dünyagörüşlüdür” dedi və yavaş-yavaş başa düşməyə başladı ki:

“Mənim indiyə kimi yaşadığım ölkə, ətrafım, cəmiyyətin təsirləri nəticəsində yaranan və düzgünlüyündən əmin olduğum və ya heç vaxt sorğulamadığım inanclar və ya streotiplərim var. Yəni böyük bir yalnışım var. Mən öz inandığım şeyləri sorğulamıram və bununla düşüncəmi kiçik bir çərçivəyə salıram. Ondan qırağa çıxmaq istəmirəm.”
Bu hekayəni burda buraxıb keçək “Nəzəriyyədən Doğan Korluq” effektini anlamağa, hekayəyə sonra davam edəcəyik. Bu effektə görə, biz insanlar hansısa nəzəriyyənin və ya fikrinin doğrululuğunu artıq özlüyümüzdə qəbul etmişiksə, həmin nəzəriyyənin çatışmazlıqlarını və doğru olmayan tərəflərini görməyimiz hədsiz dərəcədə çətin olur. Yəni biz həmin nəzəriyyəyə uyğun olmayan hansısa bir faktla üzləşdiyimizdə fikirləşirik ki, yəqin ki bunun yüz faiz hansısa bir açıqlaması var. Sadəcə olaraq mən bilmirəm. Mənim nəzərdən qaçırdığım nələr isə var, yoxsa ola bilməz ki mən inandığım şey səhv olsun. Məsələn, təsəvvür edin ki, siz Yaponiyada məhşur din olan Şinto dininə sitayiş edirsiz. Bilərəkdən bizim ölkədə az adamın sitayiş etdiyi bir dini misal olaraq çəkirəm ki, qətiyyən hansısa dinə eyham kimi başa düşməyək və obyektiv dəyərləndirək. Çünki, burda mövzü dini yox, haqqında danışdığımız beyin effektidir. Deyək ki, Şinto dinində deyilir ki, heç bir canlı 300 ildən çox yaşaya bilməz. Qeyd edim ki, bu sadəcə mövzünü izah etmək üçün mənim uydurduğum bur misaldır, əslində həmin dində belə bir iddia yoxdur. Artıq 300 ildən çox yaşayan, hətta heç vaxt ölməyən, yəni ölməz canlıların da mövcüdluğu elmə məlumdur və danılmaz faktdır. Sizin dostunuz gəlib sizə desə ki, sən necə Şinto dininə inanırsan ? Şinto dini iddia edir ki, heç bir canlı 300 ildən çox yaşaya bilməz, bəs sənin Tanrın dini göndərəndə bilmirdi ki, yaratdığı bitkilər də canlıdır və onlardan bir çoxu 300 ildən çox yaşayır ? Bilmir di ki, meduzanın bir növü var, heç vaxt qocalaraq ölmür ? Siz dostunuzun bu sözlərini eşitdikdən sonra, çox gümanki dostunuza əsəbləşib, onun pis qüvvələrə qulluq edən və sizi yoldan çıxarmağa çalışan adam olduğunu deyib, Şintonun bu iddiasının onun tərəfindən yalnış anladığını düşünəcəksiz. Düşünəcəksiz ki, mənim bilmədiyim nə isə nüanslar var və biz Tanrının həmin mesajını başa düşəcək ağılda deyilik. Ona görə də həmin cümlə “Heç bir canlı 300 ildən çox yaşaya bilməz” kimi məna versədə, əslində, yüz faiz biz o cümləni səhv başa düşürük, Yəqin ki, onun biz bilmədiyimiz bir mənası var.
Bu misalda sizin beyniniz Nəzəriyyədən Doğan Korluq effektinin qurbanı olur və sadəcə siz indiyə qədər qəbul etdiyiniz nəzəriyyənin doğruluğuna şübhə etməmək üçün nələri isə nəzəridən qaçırdığınıza inanırsız.
“Beləliklə həmin hadisə məndə ilk qırılma nöqtəsi oldu. ABŞ-dan sonra mən İrlandiyaya köçdüm və son 5 ildən uzun müddət ərzində gördüklərim, Nəzəriyyədən Doğan Korluq effektindən məlumatlı olmağım mənə çox çox vacib bir şey öyrətdi”. Ətrafdakı onların maraqlarına, başqalarının hüquqlarını pozmayan hər hansı qəribə görsənən, hərəkətlərinə, geyim stillərinə, dini baxışlarına, cinsi orientasiyasına, istirahət etmək tərzinə, musiqi zövqünə və başqa hər hansı şəxsən öz seçimi ilə əlaqədar olan şeylərə görə, PİS və ya YAXŞI, AVARA və AĞILLI, SAVADSIZ və SAVADLI, TƏRBİYƏSİZ və TƏRBİYƏLİ, ƏXLAQSIZ və ƏXLAQLI, SƏHV və DÜZ hərəkət edən və sair. kimi kateroqiyalara ayırmaqla mən sadəcə dayaz düşünmüş oluram. Bununla da beynimi limitləyib, bəlkə də, bir çoxlarının haqqına girirəm. Yəni bir insan bütün bədənini tatu elətdirə və eyni zamanda dərin düşünə və işgüzar adam ola bilər. Kimsə saçını qəribə stildə edib, çox savadlı ola bilər. Kimsə eyni zamanda, həm Repə, həm Roka, həm Klassik mahnılara, həm də Üzeyirə və meyxanaya qulaq asa və hamsından zövq ala bilər. Kimsə çox ağıllı və yüksək statuslu adam ola, eyni zamanda da bir çoxlarının yüngüllük hesab etdiyi zarafatlar edə bilər. Kimsə ancaq ala bəzək geyinməyə üstünlük verə və daha çox qara geyinməyə üstünlük verənlərdən eyni xarakterdə və dünyagörüşündə ola bilər. Kimsə yüz dəfə uğursuzluğa düçar ola amma 101-ci də bütün ətrafından daha uğurlu nəticələr əldə edə, kimsə də Snapchat şirkətinin CEO-un özünün də etiraf etdiyi kimi, həyatda çox az hallarda çətinlikləri olsa da, ilk dəfədən o böyüklükdə şirkət qura bilər. Hansısa qız siqaret çəkə və eyni zamanda əxlaqlı ola bilər. Kimsə çox böyük şirkətin ən məsul işçilərindən biri ola və həftə sonları əksəriyyətin əsl avar həyatı hesab etdiyi şeyləri edə bilər və birinci gündən yenədə əvvəlki kimi işinə davam edə bilər. Bu kombinasiyalar və mümkünlüklər sonsuzdur. Çıxan nəticə odur ki, beynimizdə olan nəzəriyyələr, yazılmamış qanunlar və streotiplərlə qərar vermək heç doğru deyilə və kamil insanların etdiyi deyil. Hər kəsin öz seçimi və öz doğruları var. Hər kəs özünə aid olan həyatı yaşayır. Hər kəsin özü barəsində olan seçimlər hörmətlə qarşılamalı və beynimizdə olan streotiplərə görə qərar verib kateroqiyalaşdırmamalıyıq. Demək istədyim o deyil ki, indiyə qədər tatu edənlər, fərqli geyinənlər, cinsi oreantiyası fərqli olanlar, siqaret çəkənlər, dini baxışları fərqli olanlar və.s pis baxırdıqsa, indidən sonra yaxşı baxmalıyıq.
Xeyr, elə deyil. Məsələ də odu ki, biz ümumiyyətlə onlara baxmamalıyıq və heç bir kateqoriyaya aid etməməliyik. Yəni nə pis, nə də yaxşı. Başqalarının həyatları ilə bağlı olan şeyləri istər pis, istər yaxşı kimi kateqoriyalaşdırsan, siz onun şəxsi həyatına müdaxilə etmiş olursuz. Kimlərin isə bizim və ya başqalarının hüquqlarını pozmayan istənilən şəxsi hərəkətini, pis və ya yaxşı kimi mühakimə etmək, artıq bizim bu barədə hansısa addı atdığımızı göstərir. Yəni ən düzgünü o barədə ümumiyyətlə fikir bildirməməyi və mühakimə etməməyi özümüzə öyrətməkdir.
“Bir gün yaşadığım şəhər olan Dublində bi taksi sürücüsü məndən soruşdu ki, İrlandlar haqqında nə fikirləşirsən, indiyə qədər xarici olduğun üçün özünə qarşı ayrı-seçkilik hiss etmisən ? Mən də cavabında “Bəli, universitetdə qrup yoldaşlarımın demək olar hamsı irland idi və mən qarşı çox ayrı seçkilik edirdilər” dedim. Sürücü dediki “İnanmıram ki, bizimkilər belə şeylər edələr, bizdə insanların çoxu əksinə, xaricilərə qarşı çox yaxşı davranırlar və racistlik barədə çox ehtiyatlıdırlar” Mənim də cavabım “Bəli, elə məsələ də o idi ki, mənim irland qrup yoldaşlarım məni özlərindən ayıraraq, xarici olduğum üçün, qonaq olduğum üçün mənə normadan daha yaxşı davranırdılar və bu da mənə xarici olduğumu, onlardan biri olmadığımı və məni öz aralarına tam qatmadıqlarını hiss etdirirdi” oldu. Təbii ki, təəccübləndi və dedi ki “A, mən heç vaxt bu barədə düşünməmişdim, gərək bundan sonra bu barədə ehtiyatlı olum” Bu hekayəni danışmaqda məqsədim onu göstərməkdir ki, beynimizdə olan streotiplərimizi görək, bizim nələri isə kateqoriyalaşdırıb, mühakimə etməyimiz, istər pis yöndə olsun, istər yaxşı yöndə, qarşıdakı insanların həyatına qarışmaqdır. Həmişə kimisə qınamaqdan öncə bunu fikirləşmək lazımdır.
Həmişə kimisə qınamaqdan öncə bunu fikirləşmək lazımdır. Bir insan sizdə daxil olmaqla, hamının qınayacağı və onun başqalarının gözündə hörmətsiz edəcəyi şeyi niyə etsin ki ? Kimin xoşu gəlir qınanılmaqdan ? Bəlkə məsələ tam biz bildiyimiz kim deyil ? Bəlkə həmin adamın hansısa qərarı verməkdə çox haqlı səbəbləri var. Əmin olun ki, bir insan tam şəkildə digər insanın yerində olmasa və tam olaraq həmin insanın yaşadığı bütün hadisələri yaşamasa, heç vaxt yüz faizli şəkildə iddia edə bilməz ki, mən olsa idim başqa cür edərdim. Çünki bir insanın qərar verməsində təkcə bir hadisə yox, yüzlərlə başqalarının görmədiyi faktorlar rol oynayır. Həmin insanın indiyə qədər keçmişdə yaşadıqları hadisələr, çıxartdığı nəticələr, görün götürdükləri, yenicə öyrəndikləri, ətrafındakı insanlar və sair. kimi yüzlərlə şey rol oynayır. Ona görə də çalışıb heç vaxt, heç kimin şəxsi seçimlərini qınamamalıyq. Hər hansısa hərəkətlər, qərarlar sizə səhv kimi görsənirsə, siz özünüz özünüz üçün onları etməyə bilərsiz və özünüz üçün doğru bildiyiniz, xoşladığınız, özünüzü rahat hiss etdiyiniz həyatı yaşaya bilərsiz.
Sonda onu demək istərdim ki, hamının öz işi ilə məşğul olmağa fokus olması ən düzgünüdür. İnanın bir çoxumuz özümüzün mənfiliklərimizi ədalətli şəkildə müdafiə etsək, bəlkə də heç başqalarını mühakimə edib günahlandırmağa vaxtımız belə qalmaz. Qısacası Özümüzlə Məşğul Olaq.

Sonradan Anlama
- Hapçuu
- Sənə deyirdim xəstələnəcəksən ? Çimib çıxırsan çölə, başına papaqda qoymursan, bilmirəm özünü kimə göstərirsən.

- Gördün ? Mən deyimişdim sənə bitcoin al bir-iki dənə at qırağa ? Bilirdim də qalxacaq. Ayda heyif ki, həmin vaxt özümün əlində pul yox idiye, yoxsa yüz faiz 15–20 dənə alıb atmışdım qırağa. İndi az qala milyoner idim.

- Ə, dedim də sənə Real Madrid uduzacaq bu oyunu, qulaq asmadın mənə. Sizə bir sual: Sizcə bu üç fərqli dialoq arasındakı ortaq cəhət nədir ? Oxşarlığı sezmək elə də çətin deyil. Hər üç mənzərədə tərəflərdən biri artıq baş vermiş bir hadisəni öncədən dəqiqliklə təxmin edə bildiyinə inanır. Hamımızda olan bu davranışın adı “Sonradan Anlamadır”. Bu reaksiya bizim beynimizin sürətli düşünmə mexanizmi sayəsində baş verir.
Nəyəsə görə əksəriyyətimiz özümüzü artıq baş vermiş hadisələri öncədən təxmin etmək barədə mütəxəssis hesab edirik və o hadisə baş verdikdən sonra həqiqətən inanırıq ki, biz onu əvvəlcədən dəqiq bilirdik. Bəs siz fikirləşmişdiz ki, bizim bu iddialarımız 90% hallarda yalnışdır və sadəcə beynimizin bizə oynadığı oyun sayəsində belə inanırıq ? Yəni ki, bir çox hallarda biz hadisə baş verdikdən sonra həqiqətən də ona əvvəlcədən bildiyimizə ürəkdən inansaq da, əslində, yavaş düşünüb, dəqiq xatırlamağa çalışsaq, görəcəyik ki, hadisə baş verməzdən qabaq biz ona yüz faizli şəkildə inanmırdıq. Təbii ki, şübhəli idik. Əlbətdə şübhəli olmasa idik, o zaman, əksəriyyətimiz birjada alış-veriş etməklə və ya idman yarışlarında kiminsə qələbəsinə son qəpiyimizə qədər yatırmaqla qısa zamanda multi-milyonçuya çevrilərdik. Ya da, bu xüsusiyyətimiz həqiqi olsa idi, baş verəcək bütün neqativ hadisələri öncədən dəqiq bilib qarşısını alardıq elə deyil ?. Beynimizin sonradan anlama effektinin fərqində olmağımızın bizə verəcəyi xeyir çox ola bilər. Bunu bilməklə ətrafımızdakı insanlar hansısa səhv etdikdə, özümüzü güclü uzaqgörən ağıllı şəxs kimi göstərib, qarşımızdakını qınamağın yerinə, beynimizin bu oyunundan xəbərdar olub, qarşımızdakına empatiya göstərib, onu başa düşməyə çalışa bilərik. Bununla da qarşımızdakını incitməmiş olarıq və münasiblərimiz daha möhkəm olar. Çünki biz çox hallarda özümüzü uzaqgörən ağıllı şəxs kimi göstərməklə nə qədər yaxşı hiss ediriksə, qarşımızdakı şəxsi də bir o qədər axmaq yerinə qoyub onun xətrinə dəyirik.

Nümayəndəlik Effekti
Biz öncədən gördüyümüz və hansısa pozitiv və ya neqativ münasibətlərimizin olduğu insanlar, əşyalar və ya hadisələrin oxşarı ilə rastlaşdığımız zaman, bizdə həmin şəxs, hadisə və ya əşya haqqında ön mühakimə formalaşır. Yəni, biz sadəcə onlar biri-birilərinə oxşadığına görə həmin subyektə qarşı hansısa münasibət formalaşdırmış oluruq. Bu beyin effektinin nəticəsidir ki, oğlanlar əksər vaxtlarda anasına, qızlarsa atasına oxşayan insanlarla ailə qurmağa və ya sevgi münasibəti qurmağa meyilli olurlar. Mütləq deyil ki, zahiri cəhətdən oxşasınlar. Söhbət, hansısa oxşarlıqlardan gedir. Təbii ki buna istisnalar da mövcuddur. Yəni şəxslər valideynləri ilə birlikdə yaşamaya və onlara öyrəşməmiş ola bilərlər və.s. Amma hallarda həmin şəxslər öz ana və ya atalarına öyrəşmiş olduqları üçün, ata və ya anasına oxşayan şəxslə yaşamaqda onlara öyrəşdikləri komfort zonasında yaşayacaqlarına inam hissi yaradmış olur. Təəssüf ki, beynimizin bu oyunundan xəbərdar olmamağımız bizi bir çox yalnış qərarlar verməyə vadar edir. Hansısa insan, əşya və ya hadisəni dəyərləndirdiyimiz zaman, şüurlu olub, onu hansısa əvvəldən tanıdığımız bir subyektə oxşadığına görə yox, əsl bizə lazım olan və dəyərləndirməli olan xüsusiyyətlərini nəzərə alamaqla dəyərləndirsək daha düzgün qərarlar vermiş olarıq.

“Halo” effekti
Bu effektə görə hansısa subyekt haqda yaranmış ilkin müsbət təəssürat həmin subyekt haqda olan gələcəkdəki neqativ təəssüratlara kölgə salmış olur. Ya da əksinə, ilkin mənfi təəssürat növbəti mənfi təəssüratlara kölgə salır. Belə izah edim:
Təsəvvür edin iş intervyusuna getmisiz. Siz otağa daxil olarkən ilk saniyələrdə, sizin xarici görüşünüz, geyiminiz, hərəkətləriniz, mimikanız, salamlaşmağınız və.s intervyu götürən şəxsdə ilkin təəssürat formalaşdırmış olur. Hələ heç bir sual verilmədən, heç bir söhbət olmadan. Məsələn ilk dəfə görən kimi intervyu götürən şəxs sizin haqqınızda səmimi, pozitiv, səliqəli və ümumilikdə götürdükdə yaxşı bir insan kimi fikirləşə bilər. Ya da əksinə, süni, professionallıqdan uzaq, yalan danışmağa meyilli və.s kimi yüzlərlə fərqli təəssüratlardan biri və ya bir neçəsi formalaşa bilər. Əksər hallarda çox professional olmayan intervyu götürən şəxslər beyinlərinin bu effektindən xəbərdar olmadığlarına görə, bu ilkin təəssüratın aldadıcı potensialından xəbərsiz ola bilər. Beləliklə Eyçarın sizin haqqınızda olan ilkin təəssüratı müsbətdirsə, o özü də bilmədən intervyu ərzində sizin bir çox yalnışlarınızı görməzdən gəlir və düzgün dedikləriniz onun beynində daha çox yer edir. Ya da ki neqativ təəssürat formalaşmışdısa, deyək ki, sizə verilən 10 sualdan ikisinə yaxşı cavab verməmisinizsə, eyçer digər səkkiz düz cavabı görməzdən gələcək və həmin iki sualın cavabı onun sizə neqativ cavab verməsi üçün əsas cavab olacaq. Təbii ki, həqiqətən professional olan eyçerlər bununla bağlı təlim görmüş olurlar və maksimum şəkildə beyinlərinin bu oyununun onları aldatmamalarına çalışırlar ki, düzgün qərar versinlər. Elə bu səbəbdəndir ki, bəzi inkişaf etmiş ölkələrdə şəkilli CV göndərmək qadağandır. Çünki CV-dəki şəkil həqiqətəndə CV-in ədalətli dəyərləndirilməsinə mənfi təsir göstərmiş olur. Yəni, beynimizdə olan HALO effektindən xəbərsiz olmaq, bir çox hallarda bizim yalnış qərarlar verməyimizə və sonra da buna görə əziyyət çəkməyimizə səbəb olur. Hərtərəfli başa düşmək üçün gəlin HALO effektinə başqa bir konteksdə baxaq. Misal üçün deyək ki, hansısa şirkətin təsisçilərindən birisiz və bir neçə il əvvəl sizinlə birlikdə digər təsisçilərin şirkətə təyin etdiyi direktor, bir insan kimi sizin çox xoşunuza gəlir ki, çox yaxşı insandır. Amma ki, şirkət get-gedə zəifləyir, satışlar günü gündən aşağı düşür və şirkətin bankrot olmaq təhlükəsi yaranır. Digər təsisçilərlə öz aranızda olan iclas zamanı deyir ki, bu direktor şirkəti yaxşı idarə edə bilmir, belə getsə şirkət batacaq, bankrot olacıyıq. Gərək şirkətə təcili başqa direktor təyin edək. Siz də sırf direktor olan həmin şəxsi xoşladığınıza görə deyirsiz ki, “Əşi, yox, nə danışırsız, o çox yaxşı insandır, o yazıq neyləsin, şirkətin evini o yoxe, o bacarıqsız menecerlər və şöbə müdirləri yıxıb”. Əslində beynimizin yavaş düşünmə mexanizmi ilə fikirləşdikdə görürük ki, direktorun xasiyyətinin yaxşı olması və ya ümumilikdə yaxşı insan olması təbii ki, onun yaxşı idarəçi olması anlamına gəlmir. Və bu iki anlayış arasında heç bir əlaqə yoxdur. Çünki şirkətin direktoru yaxşı idarəçi idisə, necə olur ki, şirkətə yaxşı menecerlər və şöbə müdürləri cəlb edə bilməyib ? Və yaxud da deyək ki, seçimləri yalnış çıxıb. Bəs onları idarə etdiyi müddət ərzində görmürdümü onların bacarıq səviyyələrini ? Deməli ki, əslində direktorun həmin şirkət üçün yaxşı idarəçi olub, olmamağının onun digər insani keyfiyyətlərinə yaxşı və ya pis insan olmasına dəxli yoxdur. Bu halda siz həmin şəxsi sadəcə xoşladığınıza görə direktor kimi saxlasaz, təbii ki beyninizin sürətli düşünmə mexanizminin HALO effekti sayəsində çox ciddi bir səhv etmiş olacaqsız. Bu beyin effektlərinin hər üçünü biz gündəlik həyatımızda dəfələrlə yaşayırıq. Amma ki, əksəriyyətimiz bunları yaşayarkən özümüzə sakitcə STOP deyib vəziyyəti analiz etmir və hadisələrin niyə belə baş verdiyi üzərində fikirləşib davranışlarımızın fərqində olmuruq. Təbii ki, bu davranışların hamısına 100%-li şəkildə şüurla yanaşıb onları idarə edə bilmərik. Bu sadəcə qeyri mümkündür. Amma əgər hərdən bir də olsa, bunlar bizim yadımıza düşsə və biz davranışlarımızı daha düzgün istiqamətdə yönləndirə bilsək, bu özü artıq çox böyük bir şeydir. Çünki dama-dama göl olar. Şüurlu davranışlarımız çoxaldıqca yavaş-yavaş vərdişə çevrilər və bununla da biz həm öz, həm də ətrafımızdakıların həyatını yaxşılaşdıra bilərik.
Litva yəhudiləri tərəfindən yəhudilər üçün başladılan maarifçilik və mədniyyət hərəkatı olan Mussar hərəkatının lideri Yisroel Salanterin bu sözlərini xatırlamaq çox yerinə düşər. “Hələ cavan olduqda, mən dünyanı dəyişmək istədim. Gördüm ki, dünyanı dəyişmək çox çətindir, ona görə çalışdım ki, öz millətimi dəyişim. Başa düşəndə ki, mən öz millətimi də dəyişən deyiləm, öz yaşadığım şəhərə diqqətimi verdim. Şəhərimi dəyişməyi də bacarmadığımı görəndə, çalışdım ki, heç olmasa öz ailə üzvlərimi dəyişim. Və artıq mən çox yaşlıyam və indi başa düşürəm ki, mənim dəyişə biləcəyim bir şəxs varsa, o da mənim özüməm. Əgər mən vaxtımda özümü dəyişsə idim, ailəmin də dəyişməsinə təsir göstərmiş olardım. Sonra ailəm və mən qonşuluqdakı insanlara təsir göstərər, onlarsa bütün şəhərin dəyişməsinə təsir göstərmiş olardılar. Şəhərdəkilər də bütün millətin dəyişməsinə, millətimiz isə dünyanı dəyişməyə təsir edə bilərdi. Demək ki, mən təkcə özümü dəyişsə idim, dünyanı dəyişə bilərdim.

Fokus İlluziyası
Biz xoşbəxtliyimizin adətən, hansısa gələcəkdə baş vermə ehtimalı olan hadisələrlə bağlı olduğuna inanırıq. Buna görə də bütün fokusumuzu həmin hadisənin baş verib-verməyəcəyinə yönəldirik və baş vermə ehtimalı olan onlarla başqa hadisələri nəzərdən qaçırmış oluruq.
Sizcə bir həftə sonra lotareyadan 1000000$ udsaz özünüzü necə hiss edəcəksiz ? Yəqin ki, əksəriyyətinizin cavabı “xoşbəxt hiss edəcəm”-dir, düzdür ?
Onda deyək ki, 6 gün sonra başınıza qəza gəlsə və iflic olsaz, o hadisədən bir gün sonra lotareyadan yüz miyon dollar udsaz, onda necə hiss edəcəksiz ?
Hər halda indiki cavabınız artıq bayaqkından fərqli olaraq “Bədbəxt hiss edəcəyəm”-dir, elədir ? Yaxşı indi də deyək ki, iflic olsaz da, həkim sizə bunun müvəqqəti olduğunu, təxminən 10–15 gün sonra əvvəlki həyatınıza qayıdacağınızı deyir. Yəqin ki fikriniz yenə də dəyişdi, hə ?
“Əşi nədi ki, cəmi 10–15 günlük əziyyət imiş, ondan sonra yüz milyonla kef çəkəcəm” dediniz, düzdür ? Yaxşı, bilsəz ki, normal həyata qayıtdıqdan 2–3 gün sonra öləcəksiz, onda necə ? İndi isə ürəyinizdə “Cəhənnəm olsun o yüz miyon” deyəcəksiz yəqin ki. Nə bilirsiz ki bir ay sonra, bir gün sonra və ya bir saat sonra bu baş verməyəcək. Biz gələcəkdə keçirəcəyimiz hissləri indiki vəziyyətimizdə olan hisslərimizlə müqaisə edərək təxmin etdiyimizə görə, gələcəkdəki hisslərimiz barəsində çox səhv təxminlər veririk. Fokus illuziyasının nəticəsində biz: “Ayda bir dənə bu işə girsə idim, dünyanın ən xoşbəxt adamı mən olardım. Heç olmasa 300 manat çox qazancım olsa idi, indi nə rahat olardım. O maşından bir dənə ala bilsə idim, məndən xoşbəxt adam olmazdıye…” kimi şeylər düşünürük və indiki vəziyyətimizdən narazı olub, özümüzə psixoloji olaraq əziyyət vermiş oluruq. Əslində isə həmin hadisə baş verdikdə onunla yanaşı, onlarla fərqli hadisələr baş verəcəyinə görə bizim indiki təxminlərimiz sadəcə boş enerji sərfiyyatıdır. O zaman nəyə görə gələcəkdə bizi qane edəcək şeylərə fokus olub, xoşbəxt olacağımıza ümid edib gözləmək yerinə, hal hazırda bizi qane edən şeylərə fokus olub özümüzü xoşbəxt hiss etməyək ?
Yazını, elə kitabın yazarı Daniel Kahnemanın məhşur bir cümləsi ilə bitirmək daha doğru olar.
“UNUTMAYIN, HƏYATDA HEÇ BİR ŞEY SİZİN ONUN VACİB OLDUĞUNU DÜŞÜNDÜYÜNÜZ QƏDƏR VACİB DEYİL”

--

--

Kamal İbadlı

Bildiklərimi və gördüklərimi anlatmağa çalışıram.